Elgün Ağayev's profile

Xatirə ağacı (hekayə)

– Xatirə ağacı (hekayə)
 
Deyilənə görə Fuji dağının ətəyində meşədən uzaq bir yerdə təhna bir ağac var imiş. Yaddaşından silmək istədiyi anları, ya da hansısa itməsini istədiyi xatirəsi olanlar, həmin xatirənin itməsi üçün ağacın ətrafında dövrə vururmuşlar. Ağacdan yarpaq düşdüyü zaman isə həmin xatirə adamın yaddaşından əbədi yox olurmuş. Bu, o ağacı ziyarət edən dörd nəfərin hekayəsdir.
 
1. Haradansa eşitmişdim ki, Fuji dağında bir ağac var, onun ətrafına fırlanıb itməsini istədiyin xatirələri ağlından keçirirsən, ağacdan yarpaq düşəndə isə həmin xatirələr sənin yaddaşından yox olurmuş. Bura onunla olan xatirələriminin itməsi üçün gəlmişəm. Onunla ilk tanış olduğumuz günü xatırlayıram. Kinoteatrdan çıxmışdıq, yüngül yağış da yağırdı. Mən özümü kinoteatrdan bir qədər sağdakı dayanacağa vermişdim, o isə məndən bir qədər solda ağacın altında dayanıb fikrə dalmışdı. Siqareti yandırmaq üçün ondan yandıranı olub-olmadığnı soruşmuşdum, mənə kibrit uzatmışdı. Siqaret təklif elədiyimdə isə, çəkmədiyini demişdi, siqaret çəkməyən birinin kibrit istifadə eləməsi mənə maraqlı gəlmişdi. Film barəsində bir qədər danışmışdıq, yekun olaraq hər ikimiz filmi çox bəyənmişdik, baxmayaraq ki, zalda cəmi dörd nəfər var idi və ikisi filmin yarısından zalı tərk etmişdi. Bir müddət sonra isə mütəmadi olaraq görüşməyi qərara almışdıq. Hər gün olmasa da, tez-tez görüşürük. O qədər oxşarlıqlarımız, o qədər ortaq cəhətlərimiz var idi ki, onun mənim ruh əkizim ola biləcəyini yəqin eləmişdim. Hansısa andan sonra ona aşiq olduğumun fərqinə varmışdım. Bunu ona söylədiyimdə isə çox yanlış adama aşiq olduğumu demişdi. Lakin buna baxmayaraq yenə də əvvəlki kimi görüşür və eyni cür münasibət göstərirdi. Yadıma gəlir, bir dəfə mənə: "Sən xoşbəxt adamsan", – demişdi, mən isə ona: "Necə xoşbəxt ola bilərəm ki, səni sevirəm və sən səni sevdiyimi bilirsən, buna rəğmən yenə sevgim qarşılıqsızdır", – demişdim. O isə cavabında: "Sevə bildiyin üçün xoşbəxtsən", – demişdi. Bir müddət belə davam eləmişdik, sonra isə özümü ondan soyutmaq üçün cəhdlər etmişdim, hətta alınmışdı da. Uzun müddət ümumiyyətlə, görüşmədik, sonra eyni səhvi yenidən təkrar edəsi oldum. İndi bütün bu olanları, bütün birgə keçən xoş günləri, bütün birgə keçən xoş günləri xəyal edərkən çəkdiyim əzablı günləri yaddaşmdan silmək üçün bura gəlmişəm. Haradasa irəlidə o ağacı görürdüm və ona çatmaq üçün səbirsizlənirdim.
 
2. Haradansa eşitmişdim ki, Fuji dağında bir ağac var, onun ətrafına fırlanıb itməsini istədiyin xatirələri ağlından keçirirsən, ağacdan yarpaq düşəndə isə həmin xatirələr sənin yaddaşından yox olurmuş. Bura onunla olan xatirələriminin itməsi üçün gəlmişəm. Onunla ilk tanış olduğumuz günü xatırlayıram. Kinoteatrdan çıxıb ağacın altında dayanmışdım, film barəsində düşünürdüm, yüngül yağış da yağırdı. Mənə yaxınlaşıb yandıran istəmişdi, mən çəkən deyildim, ancaq həmişə üstümdə kibrit olurdu. Ona verdim, o isə əvəzində siqaret təklif eləmişdi, çəkmədiyimi deyəndə, yəqin, təəccüblənmişdi. Sonra film barəsində danışmışdıq, hər ikimiz filmi çox bəyənmişdik. Bir qədər söhbət edib dağılışmışdıq, sonra isə mütəmadi görüşməyi qərara almışdıq. Görüşmədiyimiz zamanlarda isə tez-tez mesajlaşırdıq, məndən həmişə kədərli musiqilər istəyərdi, mən də göndərərdim, amma ən kədərlilərini özümə saxlayardım, çünki ayrılacağımızı bilirdim. Mənə ilk dəfə sevgisini etiraf eləməyini xatırlayıram, onu sevə bilməmişdim, ancaq tərk etməsini də istəməmişdim. Bir müddət sonra isə məndən soyuduğunu hiss eləmişdim, elə o zaman ona aşiq olmağa başladığımın fərqinə varmışdım. Ancaq bizimki heç vaxt alınmamışdı, ya o tələsmişdi, ya da mən geçikmişdim. İndi bütün bu olanları, bütün birgə keçən xoş günləri, bütün birgə keçən xoş günləri xəyal edərkən çəkdiyim əzablı günləri yaddaşımdan silmək üçün bura gəlmişəm. Haradasa irəlidə o ağacı görürdüm və ona çatmaq üçün səbirsizlənirdim.
 
3. Haradansa Fuji dağında olan ağac haqqında eşidəndə o ağac haqqında hekayə yazmağa qərara almışdım. Biri-birinə aşiq olan, amma sonradan sevginin əzabından yaxa qurtarmağa can atan iki aşiq haqqında hekayə. O hekayə ki, hər ikisi haradansa o ağac haqqında eşidəcək və ora getmək üçün can atacaqlar. Nəhayətində, hər ikisi ağacın ətrafında fırlanacaq və ağacdan yarpaqlar düşəcəkdi. Amma haradan bilərdilər ki, ağacdan ayrılandan bir qədər sonra biri-birlərini heç tanımayan bu köhnə tanışlar yenidən tanış olacaqdılar. Bir dəfə yağışlı bir gündə biri mənə sevginin gözəl olduğunu, amma əbədi olmadığını demişdi. Hərdən mənə elə gəlir ki, sevgi gözəl deyil, amma əbədidir, hərdən isə onun haqlı olduğunu düşünürəm. Uzun illərdir, hekayə yazıram, bəzən gerçək olan, bəzən isə uydurduğum hekayələr. Bəzən özümdən elə şeylər uydururam ki, onun həqiqi olduğuna inanıram, bəzən isə həqiqi olana inanmaq istəmirəm. Kaş bütün bu hekayələri unudub yenidən yaşaya biləydim, kaş bütün bu hekayələri unudub yenidən yaza biləydim dediyim vaxtlar olur. Bütün bu hekayələri yenidən yazmaq, bütün bu hekayələri yenidən yaşamaq üçün bura gəlmişəm. Haradasa irəlidə o ağacı görürdüm və ona çatmaq üçün səbirsizlənirdim.
 
4. Haradansa Fuji dağında olan ağac haqqında hekayə qabağıma çıxmışdı, onu dəfələrlə oxumuşdum və o ağacı ziyarət etməyi qərara almışdım. O hekayəni oxuduğumda ağlıma haradansa başqa yerdən oxuduğum bir hekayə də gəlmişdi: orada sevgiyə ehtiyacı olan iki nəfər biri-birlərindən: "Məni sevərsən?" – deyə soruşurdu, hər ikisi: "Hə", – deyirdi, amma heç biri sevə bilmirdi. Bir dəfə yağışlı bir gündə bir nəfərlə tanış olmuşdum, biraz yol gedib xeyli söhbət eləmişdik, dağılışanda mənə: "İki tənha adam biryerdə olanda da iki tənha adam olur", – demişdi. Hələ də bu hadisənin hansısa hekayədəmi oxuduğuma, yoxsa həqiqətənmi başıma gəldiyinə əmin deyiləm. İlk dəfə hansı hekayəni oxuduğumu xatırlamıram, amma bu günə kimi yüzlərlə hekayə oxumuşam. Elə hekayələr ki, mənim heç vaxt yaşamadığım hissləri mənə yaşadıb. Kaş bütün bu hekayələri unudub yenidən yaşaya biləydim, kaş bütün bu hekayələri unudub yenidən o hissləri yaşaya biləydim dediyim vaxtlar olur. Bütün bu hekayələri yenidən yaşamaq, bütün bu hissləri yenidən yaşamaq üçün bura gəlmişəm. Haradasa irəlidə o ağacı görürdüm və ona çatmaq üçün səbirsizlənirdim.
 
5. Özümü hansısa ağacın ətrafına fırlanarkən tapdım, yarpaqlar tökülürdü, yüngül yağış da yağırdı. Bura hara idi, mən kim idim?
 
(29.01.2023)
Xatirə ağacı (hekayə)
Published:

Xatirə ağacı (hekayə)

Published:

Creative Fields